18 Noyabr 2026

22:51

Şərhlər(0)

CodeAny Platform

CodeAny 2026-2027 mövsum üçün geri qayıdır

Əziz CodeAny istifadəçiləri, şagirdlər, tələbələr və gənc proqramçılar!

Bir ildən artıq sükutdan sonra CodeAny geri qayıdır: yenilənmiş platforma, müntəzəm yarışlar, yeni tədris materialları və çoxdan gözlədiyiniz Novruz 2025 nəticələri ilə.

Amma əvvəlcə sizdən üzr istəməliyik. 2025-ci ilin mart ayında Novruz 2025 yarışmasına hazırlaşdınız, iştirak etdiniz, vaxt ayırdınız. Biz isə nə nəticələri dərc etdik, nə mükafatları elan etdik, nə də bunun səbəbini izah etdik. Bu, düzgün deyildi. Sizi bu qədər gözlətdiyimiz üçün üzr istəyirik.

Qısaca

  • Artıq əlçatandır: Novruz 2025 nəticələri və CodeAny-nin yeni interfeysi.
  • Yaxın günlərdə: profil nişanları və CodeAny-nin rəsmi Discord icması.
  • Noyabrın sonu: köhnə interfeys istifadədən çıxarılacaq. Reytinqiniz və bütün digər məlumatlarınız yeni interfeysə köçürüləcək.
  • Bir ay ərzində: keçmiş yarışların məsələ şərtləri və həll izahları.
  • Dekabr: tərəfdaşımızla birlikdə yeni kubok. Əyani mərhələ və mükafatlar nəzərdə tutulur.
  • 2027-ci ilin yanvar ayının ortalarınadək: Novruz 2025 mükafatlarının təqdim edilməsi.
  • Tarixləri sonra elan edəcəyik: yarış təqvimi, yeni nişanlar, forumun təkmilləşdirilməsi, mobil tətbiqlər, yeni başlayanlar üçün pulsuz kurslar, kompüter üçün proktorinq tətbiqi və CodeAny Hubs.

Novruz 2025: rəsmi nəticələr

Yarışda iştirak edən hər kəsi təbrik edirik!
Tam nəticələr: https://codeany.org/az/competition/116/leaderboard

İlk beşlik

🥇 1-ci yer: Ali Aliyev
🥈 2-ci yer: Rashad Mamedov
🥉 3-cü yer: Tahir Aliyev
🏅 4-cü yer: Omar Mammadli
🏅 5-ci yer: Aliyyiakbar Shirinli

İlk beşlikdə yer alan hər kəs CodeAny köynəyi alacaq. Daha bir köynək iştirakçılar arasında püşkatma yolu ilə oynanıldı. Yarışda 6-cı yeri tutan və püşkatmada qalib gələn Hasan Valiyevi təbrik edirik!

Qaliblərlə birbaşa əlaqə saxlayacaq və mükafatları 2027-ci ilin yanvar ayının ortalarınadək təqdim edəcəyik.

Nəticələr niyə bu qədər gecikdi?

Novruz 2025 keçiriləndə proktorinq sistemimiz hələ hazır deyildi. Bir sıra vacib halları əvvəlcədən nəzərə almamışdıq, yarışdan sonrakı yoxlamalar üçün lazım olan bütün məlumatları toplamamışdıq və şübhəli göndərişləri təhlil etmək üçün yetərli alətlərimiz yox idi. Buna görə nəticələrin ədalətli yoxlanması gözlədiyimizdən xeyli uzun çəkdi. Eyni dövrdə komandamız kiçilirdi, maliyyə vəziyyətimiz də çətin idi.

Amma bunların heç biri susmağımıza bəraət qazandırmır. Baş verənləri bilməyə haqqınız var idi və biz bundan dərs çıxardıq.

Yenilənmiş CodeAny

CodeAny-nin interfeysini tamamilə yenidən hazırladıq ki, öyrənmək, məşq etmək, yarışmaq və inkişafınızı izləmək bir yerdə olsun. Köhnə interfeys noyabrın sonunda istifadədən çıxarılacaq. Reytinqiniz və bütün digər məlumatlarınız yeni interfeysə köçürüləcək, heç nə itməyəcək.

Telefon və planşetlər üçün mobil tətbiqlər üzərində də işləyirik: bildirişlər, yarışlar, dərslər və icma ilə əlaqə üçün. Ciddi alqoritmik proqramlaşdırma məşqləri üçün ən yaxşı seçim yenə də kompüterdir. Amma hər kəsin kompüteri yoxdur, bir çox Android və iOS cihazını isə xarici monitora və klaviaturaya qoşmaq mümkündür. İstəyirik ki, belə qurğulardan istifadə edən şagird və tələbələr də CodeAny-də rahat məşğul ola bilsinlər. Proqramlaşdırmanı öyrənmək bahalı avadanlıqdan asılı olmamalıdır.

Yarışlar geri qayıdır

CodeAny-nin müntəzəm yarışları beş formatda keçiriləcək:

  • CodeAny Rounds: ənənəvi alqoritmik proqramlaşdırma yarışlarımız.
  • Educational Rounds: öyrənməyə kömək edən öyrədici raundlar.
  • Weekly Rated Rounds: nəticələri reytinqə təsir edən həftəlik yarışlar.
  • Weekly Unrated Rounds: reytinq təzyiqi olmadan həftəlik məşq yarışları.
  • Special Competitions and Cups: bəzilərində mükafatlar və əyani mərhələlər olan böyük yarışlar və kuboklar.

Lazım olan reytinqli yarışlarda proktorinq alətlərimizdən istifadə edəcəyik, reytinqsiz yarışlar isə daha sərbəst formatda keçəcək. Seçilmiş reytinqli yarışlarda mükafatlar da olacaq. Mükafatların təqdim edilməsi qaydasını dəyişirik ki, heç bir qalib Novruz 2025 iştirakçıları qədər gözləməsin. Yarış təqvimini ayrıca elan edəcəyik.

Dekabrda yeni kubok

Bu ilin dekabrında yaxın tərəfdaşımızla birlikdə geri dönüşümüzdən sonra ilk kubokumuzu keçirəcəyik. Əyani mərhələ və mükafatlar nəzərdə tutulur. Format, tarixlər və qaydalar təsdiqlənən kimi təfərrüatları paylaşacağıq. Ümid edirik ki, bu, Azərbaycanın alqoritmik proqramlaşdırma icması üçün keçirəcəyimiz çoxsaylı kuboklardan birincisi olacaq.

İcma: nişanlar, Discord və forum

Bir çoxunuz CodeAny-ni sınaqdan keçirmisiniz, xətalar barədə məlumat vermisiniz, rəy bildirmisiniz və ya əvvəlki yarışlarda bizə dəstək olmusunuz. Yaxın günlərdə təşəkkür əlaməti olaraq profilinizdə xüsusi nişanlar görünəcək, bəzi yarış iştirakçıları isə nailiyyət nişanları alacaqlar. Nişanınız görünəndə bildiriş alacaqsınız. Platformada hər şey qaydasında olmayanda belə CodeAny-ni inkişaf etdirməyə kömək etdiyiniz üçün təşəkkür edirik. Bu və növbəti mövsümdə daha çox yeni nişan əlavə edəcəyik.

Tezliklə CodeAny-nin rəsmi Discord icmasını da açacağıq. Orada digər iştirakçılarla ünsiyyət qura, məsələləri və yarışları müzakirə edə, təklif və rəylərinizi birbaşa əsas komandamıza çatdıra biləcəksiniz. CodeAny forumunu da yeniləyirik ki, müzakirələr və məsələ həllərinin izahları platformanın özündə daha rahat yerləşsin.

Tədris: məsələ arxivi və pulsuz kurslar

  • Məsələ arxivi: bir ay ərzində keçmiş yarışların, o cümlədən Respublika Fənn Olimpiadalarının (RFO) və seçim yarışlarının məsələlərini həll izahları ilə birlikdə dərc edəcəyik ki, hər birinin necə həll edildiyini öyrənə biləsiniz.
  • Yeni başlayanlar üçün pulsuz kurslar: ilk kod sətrindən alqoritmik məsələlərə və yarışlarda iştiraka qədər ardıcıl tədris proqramı.
  • Yeni məşq alətləri: artıq üzərində işləyirik, təfərrüatları yaxın zamanda paylaşacağıq.

Təşkilatlar üçün CodeAny Hubs

CodeAny Hubs məktəblərin, universitetlərin, şirkətlərin və digər təşkilatların CodeAny infrastrukturu üzərində öz kurslarını, intensiv təlimlərini və proqramlaşdırma yarışlarını keçirə biləcəyi ayrıca məkanlardır.

Bu, artıq gördüyümüz işlərin davamıdır. 2025 və 2026-cı illərdə tərəfdaşlarımız CodeAny-nin məsələ həlli interfeysindən öz tədris proqramlarında istifadə ediblər. Tərəfdaşlar və Hub sahibləri CodeAny-ni öz tədrisin idarə edilməsi sistemlərinə (LMS) inteqrasiya edə biləcəklər. Beləliklə, şagird və tələbələr məsələləri artıq istifadə etdikləri platformalarda həll edə biləcəklər.

CodeAny Hubs təşkilatlar üçün ödənişli məhsul olacaq. Ondan əldə edilən gəlir serverlərin, alətlərin və komandanın xərclərini qarşılamağa, şagird və tələbələr üçün pulsuz təhsil imkanlarını genişləndirməyə kömək edəcək.

Niyə bu qədər susduq?

Bunu sizə izah etməyə borcluyuq. Eyni vaxtda dörd problemlə üzləşmişdik: süni intellektdən istifadə edilərək qaydaların pozulması, texniki məhdudiyyətlər, maliyyə çətinlikləri və çox kiçik komanda. Bu problemlərin bəziləri hələ 2025-ci ildən əvvəl yaranmışdı.

Hər şey necə başladı?

CodeAny-nin hekayəsi 2022-ci ildə Azcoders adı ilə başladı. Daha sonra layihənin adını CodeAny olaraq dəyişdik və 2023-cü ildə Sabah.Hub-dan ilk investisiyamızı aldıq. Həmin dövr və investisiya barədə gələcək paylaşımlarımızdan birində ətraflı danışacağıq. 2023-cü ildə səhvlərimiz də oldu və onların bir qismi 2025-ci ildə qarşılaşdığımız çətinliklərə təsir göstərdi.

Süni intellekt və ədalətli yarışlar

Bu gün süni intellekt bir çox alqoritmik proqramlaşdırma məsələsini saniyələr ərzində həll edə bilir. Bu, öyrənmək üçün böyük imkandır, yarışlar üçün isə ciddi çətinlikdir: iştirakçı alqoritmi başa düşmədən işlək həll göndərə bilər və belə halları etibarlı şəkildə aşkar etmək asan deyil. Olimpiada təşkilatçıları, universitetlər və texniki müsahibələr keçirən şirkətlər də eyni problemlə üzləşirlər.

Komandamızın əksəriyyəti əvvəllər özü yarışlarda iştirak edib, ona görə bu məsələ bizim üçün şəxsidir. Təsəvvür edin ki, bir şagird həftələrlə hazırlaşır, bir neçə məsələni özü həll edir və nəticəsi ilə fəxr etməyə haqq qazanır. Başqaları qaydaları pozursa, onun nəticə cədvəlindəki yeri artıq zəhmətini əks etdirmir və o, «Bəlkə, heç inkişaf etmirəm?» deyə düşünə bilər. Heç kim başqalarının qayda pozuntusuna görə öz bacarığına şübhə etməməlidir.

Təşkilatçılar üçün ən çətini yoxlamadır: şübhəli göndərişləri araşdırmaq, apellyasiyalara baxmaq, iştirakçılar və valideynlərlə danışmaq və heç bir halda günahsız iştirakçını diskvalifikasiya etməmək. Hər qərar etibarlı sübutlara əsaslanmalıdır. Əvvəlki yarışlar lazımi alətlər olmadan bunun nə qədər çətin olduğunu göstərdi. Məsələ müəlliflərimiz də nəticələrinə etibar edilməyən yarışlara aylarla hazırlaşmaq istəmirdilər.

Nə etdik?

Buna görə 2025-ci ildə yarışlara fasilə verib infrastruktur üzərində işlədik. Heç bir sistem qayda pozuntularını tam aradan qaldıra bilməz, amma biz onları xeyli çətinləşdirə, təşkilatçıları daha etibarlı sübutlarla təmin edə və əsassız ittihamların sayını azalda bilərik.

2025-ci ilin noyabr və dekabr aylarında ilk veb-əsaslı proktorinq sistemimizi hazırladıq və real yarışlarda sınaqdan keçirdik. Bu dövrdə CodeAny aşağıdakı yarışları təşkil etdi və ya onların keçirilməsi üçün infrastruktur təqdim etdi:

  • Azercell Cup 2026
  • Fritl Cup 2026
  • Aspire Logical Olympiad 2026, 4 000-ə yaxın iştirakçı
  • Khazar ICPC Cup 2026
  • Mathrix Cup 2026
  • Azərbaycanın RMI komandasına seçim yarışı

Bəzi təşkilatçılar özləri bizə müraciət etdi, digər tədbirlərə isə təhsil baxımından faydalı olduqlarına inandığımız üçün könüllü dəstək verdik. Bu iş brauzer proktorinqinin məhdudiyyətlərini də göstərdi. Brauzerlər istifadəçiləri qorumaq üçün saytların imkanlarını məhdudlaşdırır, bu səbəbdən də sistemimizin bəzi qoruma mexanizmlərindən yayınmaq mümkün idi. Buna görə kompüter üçün ayrıca proktorinq tətbiqi hazırlayırıq. Veb-proktorinqdən nəzarətçilərin olduğu əyani yarışlarda istifadə etməyi, daha güclü nəzarət tələb olunan onlayn yarışlarda isə kompüter tətbiqini məcburi etməyi planlaşdırırıq. Tətbiqi hazırlayarkən məxfilik, təhlükəsizlik və ədalət məsələlərini nəzərə alırıq.

Kiçik komanda, böyük yük

Komandamızda heç vaxt on nəfərdən çox olmayıb. Bəzən yalnız iki nəfər aktiv işləyirdi, qısa bir müddətdə isə bütün sistemi faktiki olaraq bir nəfər ayaqda saxlayırdı. Üstəlik, 2023-cü ildən bəri CodeAny-nin çoxlu istifadəçisi var və platformanı sabit saxlayaraq onu yenidən qurmaq kiçik komandamıza əlavə yük salırdı. Xərclər də artırdı: serverlər və xidmətlər bahalaşırdı, xərcləri azaltmaq üçün istifadə etməyə başladığımız süni intellekt alətləri isə bəzən əksinə, xərclərimizi artırırdı.

Gecikmələr, səhvlər, fikir ayrılıqları və CodeAny-nin gələcəyinin qeyri-müəyyən göründüyü dövrlər oldu. Yaratdığımız işə inandığımız üçün davam etdik.

İndi vəziyyət xeyli sabitləşib. Ən ağır maliyyə çətinliklərimiz geridə qalıb, komandamız böyüyüb, əsas komanda daxilindəki fikir ayrılıqları həll olunub və yeni infrastrukturun böyük hissəsi demək olar ki, hazırdır. Ona görə də geri qayıdırıq və bu dəfə işimizi düzgün qurmaq istəyirik.

Verdiyimiz söz

CodeAny qüsursuz deyil. Əvvəlki yarışlarımızın bəzilərində texniki problemlər yaşandı, elanlar gecikdi və sizinlə kifayət qədər əlaqə saxlamadıq. Yeni dizayn bunu silmir. Bundan sonra:

  • verdiyimiz sözləri yerinə yetirəcək, planlar dəyişəndə bunu açıq bildirəcəyik;
  • xüsusilə problem yarananda sizi məlumatlandıracağıq;
  • nəticələri vaxtında dərc edib mükafatları vaxtında təqdim edəcəyik;
  • platformanın texniki etibarlılığını artıracağıq;
  • Discord-da və forumda təklif və rəylərinizi dinləyəcəyik.

Alqoritmik proqramlaşdırmanı sevdirən hər şeyi geri qaytarmaq istəyirik: raund başlamazdan əvvəl geri sayımı, çətin məsələni həll etməyin sevincini, yarışdan sonra dostlarla müzakirələri və öz əməyinlə reytinqinin yüksəldiyini görməyi. İstəyirik ki, yeni başlayanlar özlərini burada rahat hiss etsinlər, təcrübəli iştirakçılar maraqlı çətinliklərlə qarşılaşsınlar və hər kəs zəhmətinin dəyərli olduğunu bilsin.

Təşəkkür edirik

CodeAny-dən istifadə etməyə davam edən, yarışlarımıza qatılan, xətalar barədə məlumat verən, yeni funksiyaları yoxlayan və rəy göndərən hər kəsə təşəkkür edirik. Səhv etdiyimiz vaxt bizi tənqid edənlərə də minnətdarıq, çünki bu, sizin qarşınızdakı məsuliyyətimizi bizə xatırladır. Biz susanda belə CodeAny-yə inanmağa davam edənlərə isə ayrıca təşəkkür edirik.

CodeAny sadə bir inamdan yaranıb: proqramlaşdırma öyrənmək istəyən hər kəs üçün əlçatan, maraqlı və faydalı olmalıdır. Bu inamımız dəyişməyib. Yaxın günlərdə Discord icması və nişanlarınızla bağlı yeniliklərlə qayıdacağıq. CodeAny-də görüşənədək!

Minnətdarlıqla,
CodeAny komandası

Öyrən. Məşq et. Yarış. İnkişaf et.

Şərhlər(0)