11 мая 2024

13:53

Комментарии(0)

CodeAny Platform

İDDA Cup Результаты

iddacup.org saytının hörmətli ziyarətçiləri

Bir ay davam edən “IDDA Cup – Bahar 2024” proqramlaşdırma marafonu, martın 31-də və aprelin 13-də ilk iki mərhələdə 530-dan çox iştirakçı ilə başlayan olimpiada beş ali təhsil müəssisəsinin (ADA Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan-Fransa Universiteti və Azərbaycan Dövlət İqtisad Universiteti) bazasında eyni vaxtda keçirilən final mərhələsi ilə başa çatdı.

Bu, bir festival oldu, final turuna vəsiqə qazanmış 270-dən çox iştirakçıdan 178-i 27 apreldə keçirilən final turunda iştirak etdi. Əsasən bunlar, 100-ə yaxın məktəblilər (hər iki yaş qrupu üzrə informatika üzrə Respublika fənn olimpiadasının finalçıları) və 80-ə yaxın ali məktəb və kollec tələbələri, eləcə də respublika olimpiadasının finalına vəsiqə qazana bilməyən məktəblilər idi.

Olimpiadanın özəllikləri sırasında onu da qeyd etmək lazımdır ki, təşkilatçılar mümkün qədər çox gənci motivasiya etmək, yeni adlar görmək istəyirdilər. Bu səbəbdən ilkin olaraq ICPC-48-in 1/4 finalında ilk 7 yeri tutan tələbə komandalarının üzvlərinin (21 nəfər), müsabiqədənkənar finalda iştirak edə bilmələri qərara alınmışdır.

Final mərhələ beş ali təhsil müəssisəsində eyni vaxtda saat 12:45-də başlayıb 4 saat (240 dəqiqə) davam etdi. Yarış cədvəli bütün beş ali təhsil müəssisəsi üçün ümumi idi və kənar müşahidəçinin bu və ya digər iştirakçının harada yarışdığını cədvəldən başa düşməsi mümkün deyildi. Üstəlik, hər bir iştirakçı yalnız müəyyən bir məsələni həll edərkən dəyişən öz nəticələrini görə bilirdi.

Finalçılara 5 alqoritmik məsələnin həllinin proqramını tərtib etmək və avtomatik kod qiymətləndirmə sistemində sınaqdan keçirmək tapşırığı verilmişdi. Hər bir məsələnin tam həlli 100 bal dəyərində idi. Tam olmayan həllər də daha az xalla qiymətləndirilib.

Gözlənildiyi kimi, finalın tonunu 10 və 11-ci siniflərdən olan informatika üzrə RFO finalçilarinin böyük yaş qrupundan olan iştirakçılar təyin etdilər. İlk bir saat ərzində hətta 8-9-cu siniflərdən olan RFO finalçıları və bəzi tələbələr onlarla rəqabət apardılar. Lakin təcrübə öz sözünü dedi və ikinci saatın sonunda gözlənilən mənzərə yaranmağa başladı: 8-9 sinif şagirdlərin təcrübə və bilikləri açıq-aydın çatışmır və finala yüksələn universitet tələbələri sadəcə olaraq güclü məktəblilərlə rəqabət apara bilmirlər. Xatırladaq ki, müxtəlif ali məktəblərin ən güclü tələbələri (21 nəfər) əksəriyyət üçün cəlbediciliyini artırmaq məqsədilə müsabiqəyə dəvət olunmayıb.

100-cü dəqiqədə bir epizod yaşandı. İştirakçılardan biri oturduğu yerdən qalxdı və yarışı başa çatdırmaq istəyini açıq şəkildə işarə edərək əşyalarını toplamağa başladı. Fuad Hacıyev iştirakçını saxlayıb ondan yarışı davam etdirməsini xahiş etmək istəyirdi ki, məktəblilərdən ibarət Azərbaycan milli komandasının məşqçisi Rəşad Məmmədovla yarışı idarə edən ADA-nın tələbəsi Hüseyn Hacıyev Fuad müəllimi dayandıraraq ondan yarışın nəticə cədvəlinə baxmasını xahiş etdi. Hec demə, bu, Bakı “Ankara” məktəb-liseyinin 10-cu sinif şagirdi, bu gün Azərbaycanın ən güclü məktəb olimpiyaçılarından biri, informatika üzrə RFO-nun finalçısı, Azərbaycan milli komandasına aşkar namizəd Əli Əliyevdir. O, sadəcə olaraq bütün 5 problemi həll edərək 500 mümkün baldan 500 bal toplamış və birinci yeri təmin etmişdi. Fuad müəllim ondan qalmasını xahiş etmək əvəzinə sadəcə qucaqlayıb təbrik etməli oldu.

Yarış cədvəlinin üst hissəsində rəqabət davam edirdi, iştirakçılar 2-5-ci mövqelərdə bir-birini əvəz edirdi. Yarışın 140-cı dəqiqəsində isə daha bir “onluq” = 500 xaldan 500 xal. Akademik Zərifə Əliyeva adına Liseyin 11-ci sinif şagirdi, eyni zamanda informatika üzrə RFO-nun finalçılarından Hüseyn Ağayev fərqləndi.

Maksimum 500 xalla bütün 5 məsələni həll edən birinci cütlük yarış otağını tərk edərək, yarışın müxtəlif məsələlərini müzakirə etdi və oyunun 212-ci dəqiqəsində (yarışın bitməsinə 28 dəqiqə qalmış) bu cütlük üç oldu. Bu uşaqlara Azərbaycan olimpiya yığmasına digər namizəd, akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli də qoşuldu və o da 500 bal topladı.

Olimpiadanın nəticələrinə əsasən 500 baldan 300 və daha çox bal toplayan iştirakçılar (13 iştirakçi) olimpiadanın qalibi elan edilirlər. Qaliblər siyahısıkeçiddə (link) http://iddacup.org/iddacup2024-winners təqdim olunub.

Bu iştirakçılar İRİA-nın qiymətli hədiyyələri ilə təltif olunur və 2024-cü ilin iyul ayının birinci yarısında ADA Universitetində keçiriləcək bir həftəlik proqramlaşdırma yay düşərgəsinə dəvət alırlar.

Mükafatlandırma mərasimi 18 may 2024-cü il tarixində ADA Universitetində ICPC Azərbaycan təşkilatının 20 illiyinə həsr olunmuş simpozium zamanı baş tutacaq. Simpozium saat 9:00 da başlayır. Mükafatlandırma isə təxminən 13:00 civarinda baş tutacaq.

Düşərgəyə yuxarıda qeyd olunan 13 iştirakçı ilə yanaşı, olimpiadanın final mərhələsində 201-dən yuxarı bal toplayan (14-35-çi yerlərdə yerləşən) daha 22 iştirakçı dəvət olunur. Bu iştirakçıların siyahısı keçiddə (link) http://iddacup.org/iddacup2024-results təqdim olunub.

Ümumilikdə “İDDA Cup – BAHAR 2024” olimpiadasının nəticələrinə əsasən 35 gəncimiz yay düşərgəsinə dəvət alırlar.

Vacib məlumat. İlk 13 qalib və 14-35 ci yerləri tutan iştirakçılar valideynləri ilə birlikdə (ancaq bir valideyin) 18 may 2024-cü il tarixində ADA Universitetində ICPC Azərbaycan təşkilatının 20 illiyinə həsr olunmuş simpoziuma dəvət olunurlar. Simpozium saat 9:00 da başlayır. Mükafatlandırma təxminən 13:00 civarinda baş tutacaq. Bununla əlaqədar olaraq, IDDA Cup Olimpiadasının Finalının iştirakçılarından (xüsusilə 1-35-ci yerləri tutan iştirakçılardan) burada verilmiş linkdənhttps://forms.gle/wA6cb4npDAmbpdx5A istifadə edərək Google formasını doldurmalarını xahiş edirik.

Olimpiadanın xoşagəlməz anlarından. Təəssüf ki, bəzi mənfi hallar da oldu. Avtomatlaşdırılmış yoxlama sistemi iştirakçıların yazdıqları kodları yoxlayan zaman köçürmə halları aşkar edib. Nəticədə 6 (altı) iştirakçı diskvalifikasiya edilib. Əslində, bu iştirakçıların nəticələri yekun cədvəlinin yuxarı hissəsinə təsir etməyib. Diskvalifikasiya edilmiş iştirakçılar arasında ən yüksək nəticə 134 baldır (67-ci yer).

Mümkün neqativlərə diqqətimizi cəlb edən qayğıkeş müşahidəçilərə (valideynlərə) xüsusi təşəkkürlərimizi bildiririk. Nəticədə iştirakçıların yazdığı kodların tam təhlilini aparıb neqativ halları müəyyən etmək qərarına gəldik.

Təşkilat komitəsi bütün iştirakçılara fəallıqlarına görə təşəkkür edir. Bütün könüllülərə, finalın keçirildiyi universitetlərin nümayəndələrinə, müsabiqə administratorlarına, məsələlərin müəlliflərinə, həmçinin olimpiadanın uğurla keçirilməsində bu və ya digər şəkildə əməyi olan hər kəsə təşəkkür edir.

Hörmətlə,

“IDDA Cup – Bahar 2024”

Комментарии(0)